
1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş - tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalanmışdır. Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Əgər həmin dövrə nəzər salsaq, Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.