Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xüsusi vurğulayıb qeyd etmişdir ki, hər bir xalq öz tarixində müxtəlif mərhələlərdən keçir. Bu tarixə hörmət həmin xalqın bütövlüyünün ən parlaq təzahürüdür. XIX əsrin ortalarından başlanan mürəkkəb ictimai-siyasi proseslər Azərbaycan cəmiyyətində də əsaslı dəyişikliklərə səbəb oldu, 1918-ci ilin mayında Şərqdə ilk demokratik təsisat olan AXC-nin elan edilməsi ilə nəticələndi. Bu demokratik dövlətin yaranması yalnız Azərbaycana yox, eyni zamanda, bütün Şərqə böyük təsir göstərdi. AXC zaman baxımından qısa dövr yaşasa da, onun həyata keçirdiyi tədbirlər tarixi əhəmiyyətini itirmədi. Bu dövlət tərəfindən əsası qoyulmuş ideyalar XX əsrin 90-cı illərində bərpa olunmuş müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilməyə başladı. AXC dövründə qəbul edilmiş dövlət rəmzlərinin bugünkü müstəqil Azərbaycanın dövlət atributları kimi saxlanması bir tərəfdən tarixi varisliyə sübutdursa, digər tərəfdən ona hörmət və məhəbbətin bariz nümunəsidir. Azərbaycan xalqı bu tarixi şərəflə yaşadır və həmin tarix uğurla davam etdirilir. Hər bir Azərbaycan vətəndaşının dövlətçilik tariximizə hörmətlə yanaşması zəruridir.Bu gün müstəqil dövlətimizə uğurlar qazandıran ulu öndər Heydər Əliyevin strategiyası da məhz bu tariximiz üzərində dayanır.