1918-ci il mayın 28-də Azərbaycan xalqı öz tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və xalqımız öz müstəqilliyini bütün dünyaya elan etdi. Bu dövlət təkcə Azərbaycanın deyil, bütün Şərq və müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın əsrlər boyu davam edən azadlıq arzularının nəticəsi idi. Məhəmməd Əmin Rəsulzadə və digər görkəmli dövlət xadimləri xalqı bir amal ətrafında birləşdirərək milli dövlət quruculuğuna nail oldular. Cümhuriyyətin əsas məqsədi xalqın hüquq və azadlıqlarını qoruyan müasir dövlət yaratmaq idi.Yeni qurulan dövlət demokratik prinsiplərə əsaslanırdı. Parlament üsul-idarəsi tətbiq olunmuş, müxtəlif millətlərin nümayəndələri parlamentdə təmsil edilmişdir. Dinindən, milliyyətindən və sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilmişdir. Qadınlara seçki hüququnun verilməsi isə həmin dövr üçün böyük tarixi hadisə idi. Bu addım Azərbaycanı bir çox inkişaf etmiş dövlətlərdən belə qabağa çıxarmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti təhsilin və mədəniyyətin inkişafına xüsusi önəm verirdi. Yeni məktəblər açılmış, milli dərsliklər hazırlanmış, gənclərin xaricdə təhsil almasına şərait yaradılmışdır. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması elm və təhsil tariximizin ən mühüm hadisələrindən biri olmuşdur. Dövlət quruculuğu ilə yanaşı iqtisadiyyatın inkişafı və ordunun yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. Milli ordu formalaşdırılmış, dövlət atributları qəbul edilmişdir. Üçrəngli bayrağımız xalqın azadlıq, müasirlik və milli birlik rəmzinə çevrilmişdir.Azərbaycan Xalq Cümhuriyyəti dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələr qurmuş, Paris Sülh Konfransında iştirak etmişdir. Bu, Azərbaycanın beynəlxalq aləmdə tanınması istiqamətində mühüm uğur idi. 1920-ci ilin aprelində Cümhuriyyət fəaliyyətini dayandırsa da, onun ideyaları xalqın yaddaşından silinmədi. Azərbaycan xalqı müstəqillik ruhunu qoruyaraq 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi hesab olunur.Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli qürur mənbəyidir. Bu dövlət sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, demokratik dövlət qurmağa və öz taleyini müəyyən etməyə qadirdir.
“Bir kərə yüksələn bayraq bir daha enməz!”
Bu sözlər Azərbaycan xalqının azadlıq ruhunun və müstəqillik əzminin əbədi simvoluna çevrilmişdir.