Milli dövlətçilik ənənələrinin yeni səhifəsi

15:09 25.05.2026 1
Hər bir xalqın tarixi yaddaşında elə günlər var ki, həmin günlər milli kimliyin və azadlıq ideyasının simvoluna çevrilir. Azərbaycan xalqı üçün belə günlərin başında 28 May – Müstəqillik Günü gəlir. 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq aləminin tarixində yeni bir səhifənin – müasir dövlətçilik ənənələrinin əsasının qoyulması demək idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, dərin iz buraxdı və Azərbaycan xalqının azad yaşamaq əzmini sübut etdi. Demokratik prinsiplərə əsaslanan dövlət quruluşu, vətəndaş hüquqlarının tanınması, qadınlara seçki hüququnun verilməsi, təhsil və mədəniyyət sahəsində atılan addımlar milli dövlətçilik tariximizdə misilsiz əhəmiyyət kəsb edir.
Ulu Öndər Heydər Əliyev bu mühüm tarixi hadisəni yüksək dəyərləndirərək demişdir: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur.”
Bu fikirlər bir daha sübut edir ki, müstəqillik ideyası Azərbaycan xalqının mənəviyyatında, tarixində və siyasi yaddaşında dərin kök salmışdır. Cümhuriyyətin süqutundan sonra sovet imperiyasının hökmranlığı illərində bu ideyalar sıxışdırılsa da, xalqın yaddaşından silinmədi. Məhz bu səbəbdən 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilərkən Azərbaycan xalqı öz tarixi irsinə söykəndi və 1918-ci ilin ideallarını əsas götürdü.
1991-ci ildən sonra Azərbaycanın dövlətçilik ənənələri yenidən bərpa edildi və zaman keçdikcə bu irs üzərində daha güclü, suveren və müasir dövlət quruldu. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin əsas sütunları möhkəmləndirildi, müstəqillik dönməz xarakter aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu ənənə davam etdirilərək keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Xüsusilə 2020-ci ildə əldə olunan Zəfər və 2023-cü ildə ölkənin tam suverenliyinin bərpa edilməsi ilə Azərbaycan öz milli dövlətçilik tarixində yeni bir səhifə açdı. Bu mərhələdə artıq yalnız hüquqi-siyasi deyil, həm də ərazi baxımından tam suveren bir dövlət kimi Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirdi.
28 May həm də gələcəyə baxış günüdür. Bu gün biz müstəqil dövlətimizin sütunlarını daha da möhkəmləndirmək, cümhuriyyət ideallarını müasir çağırışlara uyğun inkişaf etdirmək və Azərbaycanın dünyada layiqli yerini daha da gücləndirmək üçün yeni strategiyalar müəyyənləşdiririk. Bu baxımdan 28 May sadəcə bir tarixi xatırlatma deyil, həm də milli ideologiyanın daşıyıcısıdır.
Azərbaycanın iqtisadi, siyasi, diplomatik və hərbi sahələrdə qazandığı uğurlar sübut edir ki, milli dövlətçilik ənənələri üzərində qurulan müasir dövlət modeli özünü tam doğruldur. Bu model həm region üçün nümunədir, həm də xalqımızın tarix və gələcək qarşısında öhdəliyinin ifadəsidir.
Bu gün Azərbaycan xalqı “28 May – Müstəqillik Günü”nü yalnız keçmişin təntənəsi kimi deyil, eyni zamanda milli dövlətçilik tarixinin canlı və davamlı bir prosesi kimi qeyd edir. Bu gün milli şüurun, vətəndaş həmrəyliyinin, dövlətə sədaqətin və gələcəyə inamın günüdür. Yeni səhifə – yalnız Cümhuriyyətin mirasına sadiqlik deyil, həm də onu daha da inkişaf etdirmək əzmi və iradəsidir.
Oxşar xəbərlər