“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir (https://e-qanun.az/framework/6693);
Bu, dövlətçilik ənənələrinin davam etdirilməsinin hüquqi təsdiqi idi.
Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan daha da güclənərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanması Cümhuriyyət qurucularının ideallarının həyata keçdiyini göstərir.
2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanuna əsasən 28 May rəsmi olaraq Müstəqillik Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Bu qərar Azərbaycanın dövlətçilik tarixində 1918-ci ilin mühüm rolunu bir daha təsdiqlədi.
Bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə öz müstəqilliyini qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının yadigarı olan dövlətçilik ənənələri müasir Azərbaycanın inkişafında yaşayır və gələcək nəsillərə ötürülür. “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” fikri bu gün də hər bir azərbaycanlının milli inam və qürur mənbəyidir.