
Uzun illər dağıntılara və vandalizmə məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda bu gün həyat yenidən qurulur. Dövlət tərəfindən həyata keçirilən sistemli və mərhələli layihələr nəticəsində regionda bərpa və quruculuq işləri paralel şəkildə icra olunur, sosial və iqtisadi infrastruktur yenidən formalaşdırılır. Prezident İlham Əliyevin "Biz Böyük qayıdış proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır" fikri bu prosesin mahiyyətini dəqiq ifadə edir. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.