Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq

13:34 22.05.2026 2
Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq



Mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi Azərbaycanın zəngin tarixi-mədəni irsinin və müasir inkişaf modelinin beynəlxalq müstəvidə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi əsrlər boyu formalaşaraq milli kimliyimizin əsas sütunlarından birinə çevrilmişdir. Xalqımızın qədim dövlətçilik ənənələri, incəsənəti, ədəbiyyatı və memarlıq nümunələri milli-mənəvi dəyərlərimizin daşıyıcısı kimi bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. Xüsusilə memarlıq abidələri xalqımızın keçmişinin və yüksək mədəni inkişaf səviyyəsinin canlı təcəssümüdür. Azərbaycan ərazisində yerləşən tarixi abidələr yalnız maddi-mədəni irs nümunələri deyil, həm də xalqımızın tarixi yaddaşını yaşadan mühüm mənəvi sərvətlərdir.
Əsrlər boyu müxtəlif işğallara, dağıntılara və talanlara məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı öz tarixi irsini qorumağı və gələcək nəsillərə ötürməyi bacarmışdır. Bu baxımdan VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr xalqımız tərəfindən yenidən bərpa edilmiş, qorunmuş və bu günədək yaşadılmışdır. Bu münasibət Azərbaycan xalqının öz milli-mədəni irsinə olan yüksək ehtiramının və məsuliyyət hissinin bariz nümunəsidir.
Müasir dövrdə də tarixi irsin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri milli-mədəni irsin dirçəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər erməni işğalı nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlər, tarixi-dini abidələr, yaşayış və inzibati binalar hazırda yenidən qurulur, bölgənin tarixi siması bərpa edilir. Beynəlxalq müşahidəçilərin Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırması dağıntıların miqyasını aydın şəkildə nümayiş etdirirdi.
Bu gün həyata keçirilən yenidənqurma prosesi yalnız infrastruktur layihələri ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın tarixi yaddaşının, milli-mədəni irsinin və mənəvi dəyərlərinin bərpasına xidmət edir. Tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması milli kimliyimizin yaşadılması baxımından mühüm vəzifə olaraq qalır. Azərbaycan xalqı əsrlər boyu olduğu kimi, bundan sonra da öz zəngin irsini qoruyaraq gələcək nəsillərə ötürmək əzmindədir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, tarixi və mədəni irsin qorunması yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillər qarşısında mühüm mənəvi vəzifədir.
Oxşar xəbərlər