
"Son vaxtlar eşdirik ki, qəbiristanlıqda uşaq tapıldı. Valideyn ondan imtina edib. Hansı valideyn cahillikdən, imkansızlıqdan uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Xarici ölkələrdə belədir. Dövlət hətta valideyn nəzarətində olan, amma valideynin yaxşı davranmadığı uşağa dərhal sahib çıxır. Dövlət uşaq müəssisələrinin sayı artırılmalıdır. Dərhal bu uşaqlar götürülərək dövlətin himayəsində böyüməlidir", - deyə deputat bildirib.