Ədalət Nəbi: “Azadlıq ...keçmişin toxuduğu zəhərli naxış, heç bir ruhaninin oxuya bilməyəcəyi ayə”dir...
(Esse-tədqiqat)
Birinci yazı
...Onun Qibləsi də, Kərbəlası da, Məkkəsi, Mədinəsi, Həcci də, (hətta Allahı da) Azadlıqdır... Bəlkə də ilk adı elə bu olub. Kim bilir, bəlkə sonradan (ona) Ədalət adı veriblər... Bildiyim odur ki, (o,) ağlı kəsəndən Azadlıq uğrunda cihad edir; necə ki, Züleyxa Yusifə qaynar sevgisi səbəbindən sərgərdan-səfil düşdü, o da eləcə, Azadlıq üçün canını əsirgəməz...
Əslində, Ədalət, Azadlıq hissində ölçü, mizan-tərəzidir. (Qənaətimcə) bu proses insanın Allahla tən olmaq şansıdır. Məsələn, İsa Məsih də bir Ədalət idi, hər kəsə Azadlıq gətirmişdi, (ancaq) dərk etmədik, (O, günahsız olduğu halda) günahlarımız uğrunda qurban getdi, öldü, dirildi və Allahla tən oldu (Allah oldu!)...
Belə anlayaq ki, Azadlıq bir xalqın kölə mühitdən sıyrılaraq aydın üfüqlərə ucalmasıdır, Ədaləti, Həqiqəti... dərk etmək missiyasıdır. Çox xoş haldır ki, (bizim) Ədalət Nəbibəyli də o böyük Şansı görə bilib, bunu hamımıza əxz etmək israrındadır...
Ədalət Nəbidən - Nəbibəylidən, (hətta Ədalət Qarabuluddan) bəhs edirəm. İçindəki təşnə arzulara su vermək gücü tükənmək üzrə olan Ədalət Nəbidən (inciməsin, onu Ədalət Nəbi kimi daha yaxşı anlayıram, bu səbəbdən, yazı boyu onu məhz bu adla təqdim edəcəyəm).
Səmimi deyim, qələmə aldığı şeirlərin böyük əksəriyyəti ilə təmasım olub. Buna görə tam əminəm ki, o, poetik mükalimlərində zorla ağlı üz-üzə qoymaq fikrində deyil; (yaxşı) bilir ki, bu, çox ağır savaşdır... Düz də edir.
Əmin olduğum üçün deyirəm, Ədalət Nəbinin hər şeiri bir texnoloji yüksəlişdir, ya da onun üçün bir vəsilədir. Bu şeirlər insan (şair) qənaəti olsa da, dürüstdür, bütün yarımçıq zəminləri dağıdır. Maraqlıdır ki, onun doğru zənn etdikləri yanlışdan gendir, bəzən (bilərəkdən) yanlış məziyyətlər də qurur ki, axtarışında olduğu hissin üfüqlərini görə bilsin... Buna görə o, surətcə adam-insan zənn edib, içindən (get-gedə) vəhşi surətlər çıxanlara (da) heyrət etmir; hərəkətdə olan nə qədər hadisə və proses var, hamısını bir zərurət sanır.
Ədalət Nəbi həyatda da, şeirdə də Azadlıq carçısıdır, (şübhəsiz, onun) “Mən” iddiası yoxdur, ancaq yaşadığımız atmosferdə Allahın harada, Şeytanın harada qərar tutduğunu bildiyi üçün doğru təəssüratdadır, tam əmindir ki, “iki qoçun başı bir qazanda qaynamaz”...
Ədalət Nəbiyə görə, Azadlıq təlatüm dalğasıdır, mövcud cəmiyyətdə əməlcə yalançıların hissi qav¬rayışları, intellektual dərketmələri olmur. Onlar, dəyişkən xarakterdədirlər, aldadıcı sifətlərlə təzahür edərlər, azadlıq adı altında beyinlərə cahil israrlar səpərlər... Bu çoxçeşidli prosesi şairin Azadlıq təcəssümlü şeiri də özündə (dürüstcə) ehtiva edir:
Adını deyəndə
Dilimin altından qandallar tökülür,
Səsimdən zindanlar uçur.
Bir “ol” kəlməsi kimi
Qaranlığın sinəsinə sancılırsan.
Mən səni çağırmıram -
Sən məni çağırırsan.
Ruhumun ən dərin hücrəsindən,
Adımı unutduğum yerdən.
Azadlıq -
Sən qanun deyilsən,
Sən hökm deyilsən,
Sən qorxunun öldüyü an,
İtaətin çatladığı sükutsan.
Azadlıq -
Sən verilən deyilsən,
Alınan da deyilsən.
Sən ölümdən keçib
Diri qalanların
Son hökmüsən.
Bəlli ki, azadlıq olan yerdə qanun olmaz, qanun olan yerdə (də) azadlıq. (Mənə görə) bu, o anlama gəlir ki, Ədalət Nəbi (bəlkə də) heç vaxt mümkün olmayacaq bir şeyin arzusundadır... Nə üçün bu fikirdəyəm? Çünki dünyanın ilk insanları Adəm və Həvva da azad deyildilər... Allahın qoyduğu qadağanı pozdular, sonra nə baş verdiyi bəllidir... Bu barədə Quranın “Ta-Ha” surəsinin 123-cü ayəsində (320-ci səhifədə) deyilir: “(Allah) buyurdu: “Hər ikiniz bu mühitdən enin....”.
Dünya özü də azad deyil, (dünya) şeytanın əsarəti altındadır, fani təcəssümdədir...
İnsan da həmçinin, ...ölməmişdən bir qucaq vəsiyyət edir: məni belə basdırın, filankəsin yanına aparın, yaxud dünya malından mənə nəsə ayırın və s. Qəbirə qoyulanda isə mollanın dediyi olur, (o da cahilcə) əsas gətirir ki, şəriət belə tələb edir. Deməli, hər başın-təpənin üstündə bir qapaz var, bu, azad olmağa zəmin verərmi? Əsla! Özü demişkən: “Azadlıq - Sən verilən deyilsən, Alınan da deyilsən. Sən ölümdən keçib Diri qalanların Son hökmüsən”. Dünyada nə qədər diri adam var ki?! Barmaq sayı – beş-on nəfər. Bəlkə də az. Bu sayla Azadlıq şüarını səsləndirmək çox çətindir...
Şair özü də yuxarıdakı şeirdə bu israra dəqiq yön verir:
...Sən hökm deyilsən,
Sən qorxunun öldüyü an,
İtaətin çatladığı sükutsan...
“...Qorxunun öldüyü an, itaətin çatladığı sükut” Azadlıq hissi üçün qapalı mündəricədir. Şair (özü də) yaxşı bilir, nə qorxu ölməz, nə itaət çat verər. Bu vəhşət zərrəvi olaraq sükutdan asılıdırsa, deməli, Azadlıq dediyimiz şey dünyanın tamamilə məhvi, yeni bir düzənin qurulmasıdır... Şübhəsiz, Ədalət Nəbinin axtardığı Azadlıq da elə bu ictimai tərzdir; hələlik (isə onun) tətbiqi mümkünsüzdür. Çünki qəlblər şeytanca tərpənişdədir, vücudlar günah(ın) qoynunda çırpınır. Şüurlar nəfsi asılılıqda can verir. Bu, o anlamı təşviq edir ki, Ədalət Nəbinin axtardığı Azadlıq (bizim) əhatəmizdə deyil, Allahla müqabildir. Nəfsin təcəlla etdiyi cəmiyyətlərdə günahın öz təhrikedici xassələri var. Bu prosesin yeganə “ovu” (belə demək mümkünsə, hədəfi) yalnız (şüurlu) adamdır. Günahın bal kimi yalandığı cəmiyyətlərdə bu hissi qavramaq mümkünmü?
Dopdoğru deyirəm, Ədalət Nəbinin “Azadlıq” şeiri bəllicə bir hayqırtı, dibi görünən, ancaq orada nəsə kəşf etmək cəsarətimiz olmayan qorxulu dəryadır, fəqət bu səbəbdən (bəlkə də) oxucu dərki bu şeiri qavramaq gücündə deyil...
Məsələn, mən bu şeirdən (ilk baxışdaca) şüuraltı bir qənaət hasil edirəm; zənnimcə, burada şair demək istəyir ki, (məcburən) bir çörək oğurlayan şəxsə müəyyən müddətə həbs cəzası, sonra da o müddətə (türmədə) havayı çörək verirlərsə, hansı səbəbdən onun azadlığını əlindən alırlar ki?! Nə üçün bu qənaətə gəldiyimin fərqinə varım: birincisi, Azadlıq (şairin də dediyi kimi) hökm deyil, hökm olsaydı, ac adamı oğurladığı bir çörəyə görə həbs etməzdilər. İkincisi, Azadlıq qorxunun öldüyü ansa, məcburi çörək oğrusuna havayı çörək verməzdilər... Üçüncüsü, Azadlıq itaətin çatladığı sükutsa, bu, ağasız bir cəmiyyət üçün günlərlə elçi daşında səssizcə oturmaqdır... Təkcə bunlar bir daha sübut edir ki, Ədalət Nəbinin axtardığı Azadlıq (bizim də düşündüyümüz) azad-sərbəst olmaq hissi deyil, kökdən dəyişilməkdir...
Bəhs etdiyim şeir bizə bunu da anladır: Qanunlar yazılı halda müti, yazılmamış halda daha müfəssəldir... Bu tezisdir, ideologiyadır, sərt mükalimədir, ya nədir?
Səmimi deyim ki, Ədalət Nəbinin “Dəlilərin dili” şeiri də oxşar-mübhəm fikirlərlə “Azadlıq” şeirinə söykəkdir, onun mahiyyətini tam açır:
Dəlilər Tanrının aynasında çat açan işıqdır -
dünya ağlının tutmadığı yerdə
onlar yanıb parlayan sükut şimşəkləridir.
Biz ağlı sandıq kimi daşıyırıq,
onlar isə ruhu külək kimi buraxırlar -
hər yöndə, hər yerdə, hər şeydə.
…Dəlilər -
bizim unudulmuş azadlığımızın
ilahi xatirələridir…
Belə anlayaq ki, şeytanın hökmran olduğu dünyada Azadlıq axtarışına çıxmaq üçün “Tanrı aynasında çat açan işıq, dünya ağlının tutmadığı yerdə
yanıb parlayan sükut şimşəkləri..., bir sözlə, dəli olmalıyıq... Belə deyim ki, Ədalət müəllimin “Salam, gözü yolda qalan sərgərdan ruhum... Mənim yerimə məni gözləyən torpaq” fikri də elə bu anlamda təzahürdədir.
Doğrudan da, Azadlıq hissinin carçıları (doğ¬ru danışan, düzlüyü sevən, Bəhlul Danəndə timsallı ağıllı dəlilər) tarix boyu zülmə məh¬kum olublar. Onlar yaxşı biliblər ki, adamla adam arasında nisbəti (məhz) nəfsi-şeytani istəklər pozur.
Ədalət Nəbinin “Bu dünya qarışıqlığın taxtıdır. Haqqlı, haqsız bir qabda qarışıb...” fikrində də Azadlıq hissinin sətiraltı motivləri var. Yəni halalla haram qarışdığı üçün bizim Azadlığı görmək bəxtiyarlığımız yoxdur.
Xalq Qəhrəmanı Babək də deyirdi ki, bir gün azad yaşamaq qırx il boyunduruq altında yaşamaqdan yaxşıdır... Bax, bizi Ədalət müəllimin israr etdiyi hissə qapılmağa qoymayan da elə bu boyunduruq məsələsidir. Zaman bu priyomdan dəfələrlə yararlanıb. Tarix də bunu bizə dəfələrlə fakt kimi göstərib...
Azadlıq axtaran kəs, şairin dediyi kimi, “...suyun içində susuz balıq, dənizin ortasında nəfəs axtaran ruh”dur. Bəlkə elə bu nəsnə “unutduğumuz hər şeydir, (haradasa) bir yerdə gözləyir, qapı aralığındadır, yaxud köhnə poçt qutusunda, bir şüşə kimi titrəyən xatirənin dibindədir?”. Bəllidir, “dünyadan ayaqyalın keçmiş” adam Allahdan nə umar? Əlbəttə “bir cüt ayaqqabı”. Deməli, ayaqlarını daş-kəsək didən insan üçün ayaqqabı nədirsə, Ədalət Nəbi üçün də Azadlıq (məhz) odur...
Ədalət Nəbinin ustad şair Zahid Sarıtorpağa ithaf etdiyi “Yol ayrıcında qara paltarlı bir qoca” şeiri də (əslində) ithafdan daha çox Azadlıq hissinin coşqun təfərrüatıdır.
Diqqət yetirək:
...yetər Şeirə damdığın...
...sən elə özünə baxdıqca
qanayan bir dua idin.
Yəni Azadlıq öz-özünə qanayan duadır həm də. “...Bəlkə də Allaha inanmayan bir peyğəmbərin unutduğu haram hekayət kimi”dir bu hissin kəsintiləri. Əbəs yerə deyil ki, biz bəzən Azadlığı uçuq “divarın çatına dırmaşan hörümçək, keçmişin toxuduğu zəhərli naxış, heç bir ruhaninin oxuya bilməyəcəyi ayə” kimi təqdir edirik... “...Bu bataqlıqda üzməyin adı - hikmət, batmağın adı - xoşbəxtlikdir. Biz geriyə addımlayır, bunu irəliləyiş sanırıq”. Bu ədəbi zərrələrdə qənaət dürüstcədir, şairin axtardığı fövqəl hissin zahiri nisbəti bu poetik fikirlərdə salnamə kimi məna tapır. Ən əsası, (mən belə anladım ki,) şairin Zahid Sarıtorpağı vəsf edən şeirində Azadlıq yol ayrıcında iki fikirlə çək-çevir edən qara paltarlı qocadır, onun öz-özünə qanayan duasıdır... Bu “qoca” həm görünəndir, həm də görünməzdir. Getdiyi səmt bizə bəlli deyil, ondan yalnız Allah xəbərdardır...
Qısası, Ədalət Nəbinin hayqırtı ilə təqdim etdiyi Azadlıq Allahdadır, Onun Fövqündədir... Bunu özü də təsdiq edir: “Azadlıq ...keçmişin toxuduğu zəhərli naxış, heç bir ruhaninin oxuya bilməyəcəyi ayə”dir...
Hikmət Məlikzadə