Ramil Bayramov: Bərpa-quruculuq işləri inkişaf nümunəsinə çevrilib


Tərtər rayon 29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramov - "Böyük Qayıdış"la əlaqədar işlər uğurla davam edir. Bu prosesin miqyası sürətlə genişlənir. Bu gün dünya Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə şahid olur. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.
Bərpa-quruculuq işləri inkişaf nümunəsinə çevrilib. Hazırda layihələrin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir. Bu gün otuz illik işğaldan sonra yenidən öz əzəli və əbədi sahiblərinə qovuşmuş həmin torpaqlar yenidən dirçəlir, canlanır. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaradır.