Mingəçevir Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Mingəçevir şəhərinin bəzi ərazilərində aparılan abadlıq-quruculuq və əsaslı təmir işlərinə baxış keçirilib
Şəhər rəhbəri İlham İsmayılovun, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, kommunal xidmət müəssisələrinin rəhbərlərinin və təmsilçilərinin, media nümayəndələrinin iştirak etdiyi tədbir 20 Yanvar küçəsindəki 6b saylı binadan başlayıb. 2003-cü ildə inşası başa çataraq istifadəyə verilən, şəhid ailələrinin, Qarabağ müharibəsi qazilərinin, veteranların yaşadığı 4 mərtəbəli, 72 mənzilli binada əsaslı təmir işlərinə başlanılıb. Binanın ümumi istifadə sahələri olan giriş dəhlizlərində və fasadında yaranan çatların aradan qaldırılması üçün suvanma işləri aparılır. Ümumən göz oxşayan və qeyri adi layihə ilə inşa olunan binanın giriş dəhlizlərinə plastik pəncərə çərçivələri, seyf qapılar qoyulacaq, ərazidə yeni işıqlanma dayaqları quraşdırılacaqdır.
Görüşə gələn sakinlərin, qazilərin və şəhid ailələrinin üzvlərinin dilə gətirdikləri problemləri dinləyən şəhər rəhbəri müvafiq tapşırıqlarını verdi. Bildirdi ki, torpaqlarımızın qorunması, vətənimizin ərazi bütövlüyünün təmin olunması yolunda həlak olan şəhidlərimizin ailə üzvlərinin, döyüşlərdə fiziki sağlamlığını itirən hər bir vətən övladının, qazilərimizin qarşılaşdığı problemlərin həlli diqqət mərkəzində saxlanılır. Bu ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığıdır. Sizlərin istəyinə uyğun olaraq bu binanın qarşısında mövcud olan problemlər həllini tapacaq, yeni işıqlanma nöqtələri quraşdırılacaq, oturacaqlar qoyulacaqdır. Mətbuat işçilərinin suallarını cavablandıran icra başçısı bildirdi ki, şəhərin bütün ərazilərində başlanan əsaslı təmir işləri davam etdirilir.
Sonra energetiklər yaşayış massivindəki Fazil Əzimov küçəsindəki 31 və 33 saylı binalardakı vəziyyətlə tanışlıq oldu. Qeyd olundu ki, iki gündən sonra, iyul ayının 15-də bu ərazidə əsaslı təmir işlərinə start veriləcək. Əvvəlcə şəhərimizdə başlanan kanalizasiya xəttinin yenilənməsinin davamı olaraq bu məhəllədə yeni və müasir kanalizasiya borularının çəkilişi aparılacaq. Bu işlər başa çatdıqdan sonra ərazidə asfaltlanma işləri aparılacaq, bordürlər qoyulacaqdır. Burada nümunəvi məhəllə yaradılacaq. Ərazidəki binaların hər birinin ümumi istifadə sahələrində təmir işləri aparılacaq, seyf qapıları və plastik pəncərə çərçivələri yerləşdiriləcəkdir. Oturacaqlar qoyulacaq, kölgəliklər yaradılacaq, işıqlanma nöqtələri quraşdırılacaq, yaşıllıqların suvarılması məqsədi ilə su boruları çəkiləcəkdir. Eyni zamanda uşaqların və gənclərin əylənməsi, fiziki sağlamlığı üçün idman qurğuları quraşdırılacaqdır.
İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq fərmanları ilə ölkəmizin hər bir bölgəsində həyata keçirilən tikinti-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin icra olunmasının əsas məqsədinin məhz vətəndaş məmnunluğuna nail olunması olduğunu bildirdi və tapşırıqlarını.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib
Şəhərin sağ sahilində yerləşən Təbriz küçəsində keçirilən görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Koroğlu, Z.Həsənova, Y.Muradov, H.Əliyev və s.küçələrin sakinləri iştirak ediblər.
Daha sonra şəhər rəhbəri çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevir şəhərində mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir. Keçirilən qəbulların məqsədi sakinləri narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların üzləşdikləri problemləri vaxtında aradan qaldırmaqdır. Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ərazisində aparılan abadlıq quruculuq işləri ilə bağlı sakinlərə məlumat verib.
Vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, avtomobil yollarının, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, yaşıllıqlara suvarma xəttinin çəkilməsi və s. məsələlərlə bağlı olmuşdur. Sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki,xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.