Xeyirxah və gözəl insan Məhərrəm Şəfiyev


“Bərdə-Çörək” ASC -nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev - Azərbaycan xalqı zaman-zaman tarixin çətin sınaqları ilə üzləşmiş və yetirdiyi qəhrəman övladlarının, liderlərinin hesabına bu çətin məqamlardan alnı açıq və üzü ağ çıxmışdır. Belə ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin vaxt vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Respublika informasiya blokadasından çıxarıldı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. 15 İyun tarixi dövlətçiliyimizin xilasını təmin etməklə, Azərbaycanın bu gününü və xoşbəxt gələcəyini müəyyənləşdirdi.
Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Qazanılan uğurların və yüksək inkişafın nəticəsidir ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Möhtəşəm Qələbə əldə olundu. Ulu öndər Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndi və Xocalıda üçrəngli bayrağımız əzəmətlə dalğalanır, azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri görülür, daha işıqlı sabahlar bizi gözləyir.
Regionun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC - Məhərrəm Şəfiyev
Bərdənin iqtisadi həyatında da böyük canlanma və irəliləyiş müşahidə olunur. Rayonda müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq logistik mərkəz, hər birinin tutumu 10 min ton olan iki taxıl anbarı, 5200 başlıq dörd heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı, qüvvəli yem, süd emalı, çörək və şirniyyat istehsalı müəssisələri, ət kəsimi məntəqəsi, “CTS-Aqro” MMC-nin pambıqtəmizləmə zavodu, “Aqrolizinq”in logistik bazası, biolaboratoriya inşa edilib. “Qarabağ pambıqtəmizləmə” və “Bərdə-Çörək” ASC yenidən qurularaq müasir texnologiya ilə təchiz olunub.
Azərbaycan bu gün özünün etibarlı ərzaq təhlükəsizliyini təmin edir, kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi Azərbaycanda rekord həcmdə taxıl istehsal edilib. Bərdə rayonunda da məhsuldarlıq yüksək olub. Bu həm də Bərdənin sözügedən sahədə əvvəlki şöhrətinin bərpasından xəbər verir. Kənd təsərrüfatında qazanılan uğurlar, əldə olunan bol məhsul iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyevin rəhbəri olduğu “Bərdə-Çörək” ASC-nin də normal fəaliyyətinə, istehsal olunan un məmulatlarının keyfiyyətinə və həcminin artımına müsbət təsir göstərir. Müəssisə vətəndaşlara layiqli xidməti qarşıda əsas məqsəd kimi müəyyənləşdirməklə yanaşı, dövlət və cəmiyyət qarşısında sosial öhdəliklərini də unutmur, ölkəmizin tərəqqisinə öz kiçik töhfəsini verməyə çalışır.
Regionun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev -müəssisə 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodda gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlığın inkişafı istiqamətində tövsiyə və tapşırıqlar verir. Dövlət başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə qiymətin sabit qalmasına səbəb olub. Çörəyin maya dəyərinin aşağı düşməsi həm sahibkarlara stimul yaradır, həm də əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir.
Sahibkarlara göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Məhərrəm Şəfiyev ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bundan sonra da əzmlə çalışacaqlarını bildirib.




