
Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin həlli və postmünaqişə dövründə dayanıqlı sülhün bərqərar olunması təkcə hüquqi-siyasi sənədlərin imzalanması ilə məhdudlaşmır. Həqiqi və qalıcı sülh özünü gündəlik həyatda, iqtisadi əlaqələrin bərpasında, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında və humanitar müstəvidə göstərməlidir. Azərbaycan Respublikası Cənubi Qafqazda çoxillik münaqişəyə son qoyduqdan sonra regionda tamamilə yeni bir geosiyasi reallıq yaradıb. Bu reallığın ən mühüm sütunlarından biri sülhün kağız üzərində qalmaması, real addımlarla həyata keçirilməsidir. Rəsmi Bakı tərəfindən atılan birtərəfli humanist və iqtisadi addımlar, xüsusilə Ermənistan ilə münasibətlərin normallaşması prosesinə yönəlmiş praktiki təşəbbüslər regionun gələcək inteqrasiyası üçün mühüm zəmin formalaşdırır. Ölkə başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan tərəfi sülhü təkcə bəyanatlarda deyil, regionun rifahına xidmət edən konkret layihələrdə və əməli fəaliyyətdə görür. Prezident qeyd etmişdir ki, sülh gündəliyi regionun iqtisadi potensialının tam şəkildə reallaşdırılması üçün açardır və Azərbaycan bu istiqamətdə üzərinə düşən missiyanı böyük məsuliyyətlə yerinə yetirir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər davam edən işğalı dövründə tətbiq edilən blokada və nəqliyyat məhdudiyyətləri regionun iqtisadi potensialını ciddi şəkildə iflic etmişdi. Lakin ərazi bütövlüyünün bərpasından sonra Azərbaycan regional kommunikasiyaların açılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edərək öz ərazisindən keçməklə Ermənistana daşınan yüklərin tranzitinə qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırıb. Bu addım regionda nəqliyyat dəhlizlərinin diversifikasiyasına və blokadanın tamamilə aradan qaldırılmasına xidmət edir. Dövlət başçısı beynəlxalq forumlarda və platformalarda etdiyi çıxışlarda Ermənistanın regional nəqliyyat şəbəkəsinə inteqrasiyasının hər iki tərəf üçün faydalı olacağını və bunun Cənubi Qafqazda qarşılıqlı asılılıq yaradaraq təhlükəsizliyi möhkəmləndirəcəyini diqqətə çatdırmışdır. Qlobal logistik zəncirlərin qırıldığı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yenidən formalaşdığı müasir dövrdə Cənubi Qafqazın tranzit əhəmiyyəti misilsiz dərəcədə artıb və Azərbaycanın bu addımı regionun beynəlxalq daşımalarda etibarlı qovşağa çevrilməsini sürətləndirir.
Sülhün gündəlik həyatda hiss olunmasının ən bariz nümunələrindən biri də iqtisadi və enerji əməkdaşlığına yol açan təşəbbüslərdir. Azərbaycan regionun ən böyük enerji istehsalçısı və ixracatçısı olaraq, postmünaqişə dövründə praqmatik və sülhməramlı yanaşma nümayiş etdirərək birtərəfli qaydada Ermənistana mühüm yanacaq növlərinin — xüsusilə benzin və dizelin təchiz edilməsinə başlamışdır. Bu, Ermənistan daxili bazarında enerji təhlükəsizliyinin təmin olunmasına, logistik xərclərin azaldılmasına və ən əsası, iki ölkə arasında qarşılıqlı etimad mühitinin yaradılmasına birbaşa töhfədir. Prezident İlham Əliyev bu addımların humanitar və strateji tərəflərini şərh edərkən bildirmişdir ki, iqtisadiyyat və enerji resursları xalqları bir-birinə qarşı qoymaq üçün deyil, onların rifahını yüksəltmək və sülhü təmin etmək üçün vasitə olmalıdır. Sözügedən addım sülhün ritorikadan ibarət olmadığını, iki ölkənin sadə vətəndaşlarının və iqtisadiyyatlarının gündəlik tələbatlarına müsbət təsir göstərən real bir proses olduğunu nümayiş etdirir.
Bu gün Cənubi Qafqaz ətrafında cərəyan edən geosiyasi proseslər region ölkələrindən daha çevik, inklüziv və sülhəyönümlü siyasət tələb edir. Azərbaycanın təqdim etdiyi sülh gündəliyi təkcə iki ölkənin deyil, bütövlükdə regionun rifahını hədəfləyir. Ölkə rəhbərliyinin strateji kursu ondan ibarətdir ki, regionun tam və təhlükəsiz iqtisadi inteqrasiyası Ermənistanın da müstəqil subyekt kimi inkişafına, xarici asılılıqdan qurtulmasına şərait yaradacaq. Ermənistana yüklərin tranzitinin təmin edilməsi və yanacaq tədarükünə başlanılması rəsmi Bakının xoş niyyətinin və gələcəyə yönəlmiş strateji baxışının göstəricisidir. Bu gün regionun geosiyasi çəkisi həmişəkindən daha çoxdur və bu tarixi şansdan istifadə etmək, sülhün əməli təzahürlərini gündəlik həyata köçürmək Cənubi Qafqazı münaqişə zonasından sabitlik, tərəfdaşlıq və şəffaf inkişaf mərkəzinə çevirəcəkdir.
Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Ülviyyə Aslanova